Tarix : 21-06-2018, 13:29 | Bölmə: xeberler / kose |
Siz çarəsiz deyilsiniz,..

Özünüzə qəsd etməyin! Siz çarəsiz deyilsiniz, çarə SİZSİNİZ!

Hər bir insanın zəif anlarıı olur. Bütün dünyanın və insanların önun üzərinə gəldiyini, nəfəsinin kəsiləcəyini, boğulacağını sandığı bir an olur... Amma əsas olan odur ki, o ana təslim olub, özünüzü məğlub saymayın... Özünüzə qəsd etmək istədiyiniz o an göy üzünə, günəşə nəzər salın və dərindən nəfəs alın. Necə gözəl parlayır,.. Masmavi göy üzü, ətrafa sevinc saçan parlaq günəş insanın içinə bir fərəh gətirir. Günəş işığından artan endorfin hormonunun nəticəsində insan səbəbsizcə belə xoşbəxt, sevincli olur. Bu səbəbdən də günəşə tez-tez baxın. Sizcə Allahın sizə bəxş etdiyi bu işıqlı həyatda, hər şeyə rəğmən, yaşamaq gözəl deyilmi? Bir də bunu düşünün; sizin göydə və ətrafınızda seyr etdiyiniz bu gözəllikləri görməkdən, duymaqdan məhrum insanlar da var axı...

Və elə o andaca bütün neqativ fikirlərinizi beyninizdən uzaqlaşdırmağa çalışın. Həyatınızda nə probleminiz varsa, bilin ki, mütləq bir həll yolu da vardır... Dərd varsa əgər, dərmanı da vardır mütləq. Hansı çətinlikləri aşdığınızı, bugünədək hansı problemlərə qalib gəldiyinizi xatırlayın. Axı siz qalibsiniz ki, yaşayırsınız!

Əgər ətrafınızdakı böyüklərin sizi anlamadığını düşünürsünüzsə, ən azından həmin an balaca bir uşaqla danışın... əmin olun ki, həmin dəqiqə simanızda bir gülüş peyda olacaq və siz az öncə keçirdiyiniz bədbəxtlik hissini tamamilə unudacaqsınız. Bilin ki, həyatda dəyişilməyən, keçib getməyən heç bir hiss yoxdur. Dərindən nəfəs alıb, düşünün ki, sizi intihara sürükləmək istəyən çətinlik də, fikirlər də, hamısı boş və mənasızdır... sizin ürəyinizə ağırlıq gətirən, beyninizi qurd kimi yeyib bitirən o səbəb də nə zamansa sizə həlli mümkün olan adi bir məsələ kimi görünəcək. Buna görə də həmin o an sadəcə bunu düşünün; İnsan, əgər istərsə, bacarmadığı, aşa bilmədiyi heç bir maneə yoxdur. BU DA KEÇƏR!!! Necə ki, öncəkilər, ondan da əvvəlkilər keçib gedib... İstəsəniz, iradənizlə, özünüzəinamınızla həyata qalib gələ bilərsiniz...

...Və gələcək həyat yolunuza bir qalib kimi davam edin.

ESMİRA NAXÇIVANLI
(Reytinq:0)