Tarix : 5-10-2017, 12:29 | Bölmə: xeberler / kose |
Bilikdən ayrılmış Müəllim Günü - Fazil Mustafa

Xeberpress.info xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa Müəllimlər günü münasibətilə öz şəxsi Facebook səhifəsində fikirlərini paylaşıb.

Millət vəkili deyir: "Əvvəllər Bilik günü vardı. 1 sentyabr. İndi qeyd olunmur. Bilik öz dəyərini itirdiyinə görə bütün təhsil ocaqlarında dərslər 15 sentyabrda başlayır. Bilik günü olmadan da Müəllim günü öz dəyərini xeyli itirir. Üstəlik də müəllim ömrü yaşamaq çox-çox ağırdır. Maaşı yaşam standartlarında çox aşağı, sosial bərabərliyin hədsiz pozulduğu bir mühitdə imkanlarına görə ən alt sırda yer alan təbəqə. Müəlllimin oksigeni bilikdir, havada oksigen azlığı olanda, çantada da pul azlığı olanda müəllimi ayaq üstə qaldırmaq olmur. Halbuki Müəllim qədər şərəfli peşə yoxdur! Hamımızın ictimai mövcudluğumuzun, dəyərimizin birinci səbəbkarı müəllimdir. Mən ilk olaraq ibtidai sinif müəllimimə zəng edib təbrik etməyi özümə borc bilirəm. Sübh tezdən bütün rəhmətə gedən müəllimlərimin ruhuna dualar edirəm. Həm də gördüyüm, tanıdığım müəllim şəxsiyyətlərin sayəsində dərhal Sifət müəllimlərlə Rəhmət müəllimləri ayıra bilirəm. İndi Rəhmət müəllimlərin sayı çox deyil, ancaq bu ölkə və onun insanı məhz onların sayəsində az-çox modern dünyanın qapısında ayaq döyə bilir. Müəllim deyəndə, ilk öncə vizual olaraq gözümüzün önünə Cəbiş müəllim obrazı dikilir. Mən həmişə Cəbiş müəllimin sabun bişirməyə məcbur olduğu ana, sanki böyük Sabirin dolanışıq üçün sabun bişirməyə məhkum olduğu anın şahidi kimi baxmışam. Yüzlərlə peşəsini sevən, ancaq peşəsində özünü rahat hiss etməyən, sıxıntı içində iztirab çəkən müəllim tanıyıram. Sifət müəllimlərin tabeliyində hər gün ölüb dirilən Rəhmət müəllimlər tanıyıram. Rəhmət müəllimin alt təbəqədə olmasına üzülürəm. Rəhmət müəllimi başımız üzərinə qaldırmayınca, bilik də başımızın içində özünə yer tapa bilməyəcək! Öz müəlliminə özünü həmişə borclu bilən hər kəsə salam olsun!"
(Reytinq:0)