Tarix : 8-06-2021, 11:31 | Bölmə: xeberler / siyaset |
Azərbaycanın parlament nümayəndə heyəti Ankarada Ulu Öndərin abidəsində
ni ziyarət edib.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

Xeberpress.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyətinin üzvləri iyunun 8-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə deputat həmkarları ilə görüşəcək, fikir və təcrübə mübadiləsi aparacaqlar.

Milli Məclis üzvlərinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Türkiyənin XİN-in başçısı Mövlud Çavuşoğlu, təhsil naziri Ziya Selçuk, səhiyyə naziri Fahrettin Koca ilə də görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın davam və inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinə işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev daxildir.

Səfər iyunun 11-də başa çatacaq.
(Reytinq:0)