Tarix : 4-05-2021, 12:55 | Bölmə: xeberler / Hadise |
Qadına hədə-qorxu gələn şəxs saxlanıldı

Özünü polis əməkdaşı kimi təqdim edərək qadına hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir qadın özünü sosial şəbəkədə polis əməkdaşı kimi təqdim edən şəxslə tanış olması, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etməsi barədə məlumat verib.

Xeberpress.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini bildirib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət daşıyan digər maddi sübutlar aşkarlanaraq götürülüb.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. Bu dəfə də onun barəsində Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə E.Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzinə, eləcə də DİN-in “Instagram” və “Facebook”dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.
(Reytinq:0)