Tarix : 29-04-2021, 13:13 | Bölmə: xeberler / Bolge |
Zəngilan və Qubadlı minalardan təmizlənir

Zəngilan və Qubadlıda nə qədər ərazinin minalardan təmizləndiyi açıqlanıb.

ANAMA-nın partlamamış hərbi sursatlar qrupu tərəfindən Zəngilan rayonunda tikiləcək hava limanının yerləşəcəyi ərazidə ilkin olaraq 68 min kvadratmetr ərazi təmizlənib. Hazırda ərazidə təmizləmə işləri davam edir.

Xeberpress.info bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun bölmə rəhbəri Bəhruz Namazov bildirib.

O deyib: “Bundan başqa, Prezidentin tapşırığı ilə Zəngilan rayonunda Ağalı kəndləri ərazisində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Təmizləmə işləri hazırda da davam edir”.

Onun sözlərinə görə, ümumilikdə, Zəngilan rayonunda 3530000 kvadratmetr, Qubadlı rayonunda isə 3600000 kvadratmetr ərazi minalardan təmizlənib.

Qeyd edək ki, ANAMA-nın təşkilatçılığı ilə bir qrup media əməkdaşının Zəngilan və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.
(Reytinq:0)