Tarix : 28-04-2021, 11:35 | Bölmə: xeberler / iqtisadiyyat |
Kiberdələduzlar saxta səhifələr yaradır - XƏBƏRDARLIQ

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdar edir.

Xeberpress.info-nun məlumatına görə, MMC-dən bildirilib ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt”un rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyirlər. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.

Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
(Reytinq:0)