Tarix : 26-09-2020, 10:54 | Bölmə: xeberler / Dunya |
Pandemiyaya görə dünya əhalisinin gəlirləri 3,5 trilyon azalıb

COVID-19 pandemiyası səbəbindən dünya əhalisinin əmək gəlirləri 3,5 trilyon dollar azalıb.

Koronavirus pandemiyası bütün dünyada əmək gəlirlərinin kütləvi şəkildə azalmasına səbəb olub.

Xeberpress.info xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni tədqiqatında əks olunub.

2020-ci ilin ilk üç rübü ərzində dünya əhalisinin əmək gəlirləri 10,7 faiz və ya 3,5 trilyon dollar azalıb. Bu ilin təkcə ikinci rübündə itirilmiş iş saatlarının sayı təxminən yarım milyard iş yerinin itirilməsinə bərabər olub. Halbuki, bu göstəricinin daha az - 400 milyona yaxın iş yerinin itirilməsinə bərabər olacağı gözlənilirdi.

Dünyanın digər regionları ilə müqayisədə Cənubi və Şimali Amerika koronavirus pandemiyasından daha çox zərər çəkib. Həmin regionlarda əhalinin əmək gəlirləri 12,1 faiz azalıb. Avropa və Mərkəzi Asiyada isə bu göstərici 10,6 faiz olub.

Həmçinin bildirilib ki, iş yerlərini itirənlər arasında qadınların sayı kişilərə nisbətən daha çoxdur. Belə ki, məsələn, Moldovada 2020-ci ilin ikinci rübündə işsizlik səviyyəsi ötən ilin analoji göstəriciləri ilə müqayisədə qadınlar arasında 10,1 faiz, kişilər arasında isə 7,7 faiz azalıb.

Ən çox itkilər gəlirləri orta səviyyədən aşağı olan ölkələrin payına düşür. Həmin ölkələrin əhalisi gəlirlərinin 15,1 faizini itirib. Zəngin ölkələrdə isə əmək gəlirlərinin itkisi 9 faiz təşkil edir.

Bununla yanaşı, bir çox zəngin ölkələrin hakimiyyətləri iqtisadiyyatın stimullaşdırılması üçün səmərəli tədbirlər görüblər. Lakin əhalisinin gəlirləri orta göstəricidən aşağı olan və kasıb ölkələrin bu cür tədbirləri lazımi səviyyədə həyata keçirmələri üçün maliyyə vəsaitləri çatmır.

“Biz yalnız virusa qarşı mübarizədə səylərimizi ikiqat artırmaqla kifayətlənməməliyik, həm də böhranın əmək, iqtisadiyyat və sosial sahələrdəki nəticələrinin yumşaldılması istiqamətində səmərəli tədbirlər görməliyik. Bu, biznesin dəstəklənməsi, əhali üçün iş yerlərinin və gəlir mənbələrinin yaradılması deməkdir”, - deyə BƏT-in Baş direktoru Qay Rayder bildirib.

O, həmçinin vurğulayıb ki, kasıb ölkələrin və gəlirləri orta səviyyədən aşağı olan ölkələrin beynəlxalq cəmiyyətin maliyyə dəstəyinə ehtiyacı var. BƏT-in hesablamalarına görə, kasıb ölkələrin iqtisadiyyatlarının bərpasına 45 milyard dollar maliyyə vəsaiti ayrılmalıdır. Halbuki, bu, zəngin ölkələrin vergi büdcəsinin stimullaşdırılması istiqamətində sərf etdikləri ümumi vəsaitin yalnız bir faizini təşkil edir.

Qeyd edək ki, pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, vətəndaşların həyatı və sağlamlığı Azərbaycan dövləti üçün prioritet məsələdir. İqtisadi sabitliyin, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, həmçinin işsizliklə bağlı problemlərin həlli üçün 2 milyard dollar məbləğində sosial-iqtisadi yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təxminən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.
(Reytinq:0)