Tarix : 27-08-2020, 09:44 | Bölmə: xeberler / idman |
Qurban Qurbanov: Qol epizodlarımız çox oldu

Qurban Qurbanov: Oyuna nəzarət bizdə idi.

Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək mübarizə aparmağa gücümüz çatdı. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, UEFA Avropa Liqasının pley-off mərhələsini özümüzə təmin etdik. Son dəqiqələrdə 1-2 epizodları oldu. Ümumilikdə oyuna nəzarət bizdə idi. Onlar özləri də qırmızı vərəqə alacaqlarını gözləmirdilər.

Xeberpress.info xəbər verir ki, bu sözləri “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis mövsümün sonunda komandanı tərk edən Miçel Madera ilə yeni transfer Uroş Matiçi müqayisə edib: "Miçelin vaxtında fərqli oyun göstərirdik. İndi bir az daha geridən oynayırıq. Matiçdan daha çox şey gözləyirik. 4-5 ay futbol oynamayıb. Gələcəkdə daha yaxşı olacaq", - deyə o qeyd edib.

Qurbanov sıx qrafikin futbolçulara çətinlik yaradacağını söyləyərək deyib: "Onlar ən böyük yüklənməni oyunda alır. Bərpa üçün çox vaxt alır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik də çox sıxdır. Bunu 3 gün öncə də müzakirə etdik. Əvvəlki illərdən daha çətin olacaq. Bu da futbolçularda nəinki yorğunluq, zədəyə də gətirib çıxara bilər. Futbolçular istirahətlərinə fikir verməlidirlər. Deməzdim ki, bu vəziyyət onları uçuruma aparacaq".

Qurbanov rəqib komandanın baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında iştirak etmək istəməməsinə münasibət bildirib: "Məndə bir dəfə belə hal olub. Hətta stadiondan çıxıb geri qayıtmışam. "Qarabağ"da 3-cü və ya 4-cü oyunum idi. "Simurq"a uduzmuşduq. Azarkeşlər istefa qışqırmışdılar. Sonradan stadiona qayıdıb konfransda iştirak etdim".

Təcrübəli mütəxəssis deyib ki, növbəti oyunlarda daha yaxşı müdafiə xətti olacaq: "Bu səhvləri düzəltmək olar. Kevin və Bədavi nadir hallarda təkbətək mübarizələri uduzurlar. Bunlar yorğunluqdan irəli gəlir. Meydanın vəziyyəti də onlara mane olurdu".
(Reytinq:0)