Tarix : 11-03-2020, 11:38 | Bölmə: xeberler / Medeniyyet |
“Dərs vaxtı” adlı teledərslərə başlanıldı

“Dərs vaxtı” adlı teledərslərə başlanılıb.

“Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə başlanılıb. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək.

Təhsil Nazirliyindən bildiriblər ki, teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərdə Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, xarici dil, V-XI siniflərdə isə Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.

Tətil zamanı dərs öyrənmək üçün e-dərslik və videodərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından da istifadə etmək mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.

Bundan əlavə, Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox videodərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. Portalda 3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.
(Reytinq:0)