Tarix : 3-03-2020, 11:55 | Bölmə: xeberler / Medeniyyet |
Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı

Bakıda gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı başlayıb.

Martın 3-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans başlayıb.

AMEA-nın əsas binasında təşkil olunan konfrans SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.

Əvvəlcə konfrans haqqında məlumat verilib. Bildirilib ki, tədbirə qatılmaq üçün Kanada, İspaniya, Türkiyə, Çin, Misir, Efiopiya, Gürcüstan, Almaniya, Macarıstan, Nigeriya, Filippin, Rusiya, Belarus, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digərləri daxil olmaqla 20 ölkədən 350-dən çox (xarici ölkələrdən 77 nəfər) gənc alim, doktorant, magistr və tələbə müraciət edib. Təşkilat Komitəsinə AMEA Rəyasət Heyətinin üzvləri, şöbə rəhbərləri və elmi-tədqiqat müəssisələrinin Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri daxil edilib. Müraciətlərin elmi və texniki ekspertizası nəticəsində 12 ölkədən 307 (xarici ölkədən 28 nəfər) gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib.

Konfransın plenar iclasında təbrik çıxışları və elmi məruzələr dinlənilib.

Martın 6-dək davam edəcək konfrans çərçivəsində akademiyanın müvafiq institutlarında “İntellektual sistemlər və texnologiyalar, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” müasir və aktual elmi istiqamətlər üzrə çıxış və təqdimatlar təşkil olunacaq.

Qeyd edək ki, II beynəlxalq elmi konfrans çoxşaxəli tədqiqatların fundamental və tətbiqi aspektlərini əhatə edən mühüm elmi tədbirdir. 2014-cü ildə bu mövzuda keçirilmiş ilk konfrans Azərbaycan Respublikası Neftçilər Gününə həsr olunub. Altı ildən sonra keçirilən II beynəlxalq elmi konfrans AMEA-nın 75 illiyinə həsr olunur.

Konfransda təqdim olunan məruzələr kitab şəklində çap edilib, konfrans zamanı və sonra onlayn təqdim ediləcək.
(Reytinq:0)