Tarix : 28-02-2020, 12:48 | Bölmə: xeberler / Medeniyyet |
28 vakant vəzifə üzrə ümumi müsahibə elanı

Dövlət İmtahan Mərkəzi: 28 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib.

Fevralın 28-də 8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Xeberpress.info-nun məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasının Təlim Mərkəzində sektor müdiri və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsində İnformasiya texnologiyaları sektorunun müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifələridir. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 11, Qida Təhlükəsizliyi Agentliyində 6, Hesablama Palatasında 4, Maliyyə Nazirliyində 2, Bakı İnzibati Məhkəməsində 2, Milli Arxiv İdarəsində 1, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 1 və Yasamal Rayon Məhkəməsində 1 vəzifə olmaqla 28 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Vətəndaşların rahatlığının təmin edilməsi, onların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 28-dən martın 30-u saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
(Reytinq:0)