Tarix : 14-02-2020, 10:38 | Bölmə: xeberler / siyaset |
Məzahir Pənahov : Sanki bütün ölkə üzrə pozuntular olub

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbəti dəfə bir neçə gün əvvəl komissiyanın qabağında keçirilən aksiyaya münasibət bildirib.

M. Pənahov “REAL” TV-yə müsahibəsində deyib ki, aksiyaya yığışanlar oturaraq bütün bu prosesləri iflic etmişdilər:

“Baxmayaraq ki, bu, birbaşa müdaxilədir. Biz heç nəyi hüquq-mühafizə orqanlarına bildirmədik. Düşdülər söhbət etməyə, bir az dedilər, güldülər. Sonra zəng etdilər, dəvət etdilər, ümumilikdə bir 10-15 nəfər namizəd bura yığıldı. Amma heç kəs də demir ki, onlar 5-6 saat burada deyib-gülürdülər. Mərkəzi Seçki Komissiyası açıq qurumdur. Siz də namizədsiz, buna haqqınız var. Gizlətmirdilər. Deyirdilər biz burada oturmuşuq, siz bizim yanımıza gəlin. Biz də deyirik ki, axı müddət var, ona kimi qəbul etməliyik. Artıq o vaxt gəlib çatdı ki, heç cürə çatdırmaq mümkün olmayacaq, qanunu pozmağa da heç birimizin ixtiyarı yoxdur. Mən məcbur olub polisə bildirdim ki, burada belə bir vəziyyət var. Polis əlbəttə, bilirdi. Amma mən dedim ki, qəti toxunmaq olmaz. Qapımız həmişə açıq olub, hamı bizimlə birgə fəaliyyət göstərib. Həmin gün ikinci günü idi. Biz iki gün müddətində qəbul etməli idik. Bizim əlimizdə tam konkret hüququmuz var idi, onu o dəqiqə götürsünlər”.

MSK sədri müsahibəsində fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə qarşılaşdığı təəccüblü pozuntulardan da söz açıb.

"Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb qutuya bülleten atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır - nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub", - deyə M.Pənahov bildirib.

"Sosial şəbəkələrin rolunu artıq hiss edirik. Bu elə qeyri-adi fenomendir ki, kim nə görür, orada paylaşır. Sosial şəbəkə bizim üçün əsas mənbədir".

Məzahir Pənahov bildirib ki, sosial şəbəkələrdə pozuntularla bağlı paylaşılan görüntülər məntəqələrin iki faizindən çoxunu əhatə etmir: "Bəzən insanlarda elə təəssürat yaranır ki, bütün ölkə üzrə pozuntular olub. Sosial şəbəkələrdə olanlara görə biz gözümüzü yumub hamısını ləğv etsək, 5573 məntəqənin iki faizini təşkil edəcək".
(Reytinq:0)