Tarix : 25-12-2019, 11:57 | Bölmə: xeberler / Medeniyyet |
Ekologiya və Təbii Sərvətlər Nazirliyində NDU-nun tələbələri ilə görüş

Ekologiya və Təbii Sərvətlər Nazirliyində NDU-nun tələbələri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Dövlət Universitetinin (NDU) nazirliyin hamiliyinə verilmiş Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri ilə görüş olub.

Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı müvafiq sərəncamların icrası ilə bağlı ardıcıl tədbirlər həyata keçirildiyini qeyd edib. Bildirib ki, ötən dövr ərzində “Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin öyrənilməsi, qiymətləndirilməsi, istifadə olunması və bu sahədə kadr hazırlığı”, “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanması məsələləri ilə bağlı NDU ilə birlikdə seminar-müşavirələr təşkil olunub.

“Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi və Geologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrinin praktik biliklərinin və təcrübələrinin artırılması məqsədilə tədbirlər reallaşdırılıb”, – deyən nazir qeyd edib ki, kadrların hazırlanması və tələbələrin təcrübi biliklərinin artırılması sahəsində keçirilən tədbirlər çərçivəsində, bu il noyabrın 12-dən dekabrın 24-dək olan müddətdə NDU-nun Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri nazirlikdə və aidiyyəti qurumlarda istehsalat təcrübəsi keçiblər. Gələcəyin ekoloq mütəxəssisləri ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən dövlət ekoloji siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında məruzələr dinləyiblər. Tələbələr istehsalat təcrübələri dövründə nazirliyin aidiyyəti qurumlarının iş fəaliyyəti ilə də yaxından tanış olublar.

NDU-nun Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, universitetin müəllimi Leyla İbrahimova, nazirliyin şöbə müdiri Kamran Əliyev, təcrübəçi tələbələrdən Xanım İbrahimova çıxış ediblər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara təşəkkürnamələr verilib.
(Reytinq:0)