Tarix : 4-12-2019, 12:29 | Bölmə: xeberler / siyaset |
Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə sorğuya baxılır

Konstitusiya Məhkəməsi Plenumunun iclası başladı - Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə sorğuya baxılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

Xeberpress.info-nun Trend-ə istinadən məlumatına görə, iclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır.

İclasa sədrliyi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev edir.

İclasda məruzəçi - hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir.

Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:

Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov,

Cavabverən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli,

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.

Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
(Reytinq:0)