Tarix : 8-11-2019, 10:26 | Bölmə: xeberler / Cemiyyet |
Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Bu gün metropoliten işçilərinin peşə bayramıdır.

Azərbaycanın böyüyən paytaxtını - Bakı şəhərini bu gün metropolitensiz təsəvvür etmək olmur. İctimai sərnişindaşıma nəqliyyatı sistemləri arasında özünəməxsus yeri olan metro şəhər tıxaclarına bir nəfəslikdir, mənzil başına sürətlə və vaxtında çatdıran bir vasitədir.

Bakı Metropoliteni işçiləri bu gün peşə bayramını qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

“Bakı Metropoliteni” QSC bu ili də hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. İlk növbədə, bu il 6 yeni qatar Bakı metrosuna gətirilərək xəttə buraxılıb. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlandırılmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb. Qeyd edək ki, hazırda Bakı metrosunda ümumilikdə 11 yeni qatar hərəkət edir. Bunlardan 5 ədədi 2015-2018-ci illərdə, 6 ədədi isə bu il ərzində gətirilib. Qarşıdakı 3 ildə isə 12 yeni qatarın gətirilməsi üçün müqavilə imzalanıb.

Bakı Metropoliteninin stansiyaları dövrün tələblərinə uyğun yeniləşir. Yenidən qurulan stansiyaların sırasında bu il ilk olaraq “Bakmil” stansiyası yer alıb. Burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Müasir səviyyədə yenidən qurulan stansiya Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da açılaraq yeni görkəmdə sərnişinlərin istifadəsinə verilib. Stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.

Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.

Bu il əsaslı şəkildə təmir olunan stansiyaların sırasına “Xətai” stansiyası da qoşulub. 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə mərhələli şəkildə təmir işləri aparılıb. Eskalatorların dəyişdirilməsi və bütün infrastrukturu ən yeni standartların tələbinə uyğun yenilənmiş “Xətai” stansiyası dövlət başçısının iştirakı ilə sentyabrın 12-də açılaraq, sərnişinlərini büsbütün təzələnmiş görkəmi ilə qarşılayıb.

Bu dəfə aparılan yenidənqurmadan sonra “Xətai” stansiyasının infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metropoliten əsl sosial layihələr meydanına çevrilib. Bu layihələr ictimaiyyət arasında xüsusi rəğbətlə qarşılanır və ildən-ilə sərhədlər genişlənir və maraq doğurur. Ənənəvi Yeni il, Novruz bayramı və digər əlamətdar tarixi hadisələrlə bağlı layihələr, musiqili günlər artıq yenilənən metropolitenin ayrılmaz tərkib hissəsinə çevrilib. “Gənclik” stansiyasının keçidləri bir-birindən maraqlı sərgilərlə sərnişinlərin xoş təəssüratını qazanıb.

Hazırda isə “Gənclik” stansiyasında parlaq şəxsiyyətləri ilə XX əsrin fenomeninə çevrilən, Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biri Dieqo Rivera və Frida Kalonun “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərgisi açılıb.

Beləliklə, çox keçməyəcək ki, davamlı şəkildə yenilənən, öz sosial layihələri ilə diqqətdə olan Bakı metrosu ilə paytaxtımızın hər bir guşəsinə rahat şəkildə gedib-gəlmək mümkün olacaq.
(Reytinq:0)