Tarix : 5-10-2019, 12:04 | Bölmə: xeberler / siyaset |
Əli Həsənov: Ən şərəfli peşə sahibi - müəllim!

Ən şərəfli peşə sahibi- müəllim!

İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir!

YUNESKO-nun qərarı ilə 1994-cü ildən başlayaraq hər il oktyabr ayının 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixin Azərbaycanda da Müəllimlər Günü kimi qeyd olunması haqda qərar Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. “Mən dünyada müəllimdən yüksək ad tanımıram” söyləyən Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə məktəbə və müəllimə borcluyuq.

Heydər Əliyevi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, Ulu öndər dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi. Onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər. Bəli, bu gün tərəddüdsüz söyləmək olar ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmil siyasi və dövlət xadimi Heydər Əliyev, həm də ölkəmizdə dövlət qurmağın, onu qoruyub saxlamağın, hərbi-siyasi çevrilişlərin qarşısını almağın, milli-vətəndaş birliyi yaratmağın, xalqı vahid ideya- azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməyin yollarını göstərən əsl müəllim idi. Bu gün Azərbaycan iqtidarı istər dövlət idarəçiliyində, istər daxili siyasətdə, istərsə də diplomatiyada məhz Öz Müəlliminin- Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir.

Ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə müəllimlərimizə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Bəzi faktları qeyd etmək istəyirəm: İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə 3200-dən çox məktəb tikilib, yaxud əsaslı təmir edilib. Ali məktəblərin binaları təmir edilib və yenidən qurulub, texniki təminatı ən yüksək səviyyəyə qaldırılıb, filialları ilə birgə sayları və coğrafiyası iki dəfəyə qədər genişləndirilib. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəblərin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Təhsil müəssislərinin texniki təchizatına, dərsliklərlə təmin edilməsinə hökumət tərəfindən xüsusi nəzarət olunur. Milli kardrların hazırlanması məqsədilə son on beş ildə minlərlə Azərbaycan gənci dövlət hesabına xarici ölkələrdə təhsil alıb və almaqda davam edir. Bu istiqamətdə pedaqoji kadrların hazırlanması işi də ildən-ilə təkmilləşdirilir, zəruri sahələrdə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, ixtisas artırması və s. istiqamətində xarici təhsil müəssisələri ilə geniş əməkdaşlıq edilir.

Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, ölkə üzrə təxminən 5000 nəfəri ötübdür. Bundan başqa, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi işi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Beləliklə, Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin imkanları, büdcənin gəlirləri artdıqca təhsil işçilərinin də maaşları artırılır və bu addımlar gələcəkdə də davam etdiriləcək, digər vətəndaşlarımız kimi, müəllimlərin də maddi rifahının yüksəldilməsi üçün lazımi qərarlar qəbul ediləcək.
Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılması və məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi işinə xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə 2005-2012-ci illər ərzində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təhsil proqramlarında aztəminatlı ailələrdən olan şagirdlər də unudulmur və hər tədris ilinin əvvəlində aztəminatlı ailələrin birinci sinfə gedən uşaqlarına bütün məktəb ləvazimatları hədiyyə edilir.

Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə gənc nəslə- məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!

Beləliklə, gələcəyimiz sizlərə əmanətdir, əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!


ƏLİ HƏSƏNOV

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,

tarix elmləri doktoru, professor
(Reytinq:0)