Tarix : 25-09-2019, 11:28 | Bölmə: xeberler / Bolge |
Gürcüstan səfiri Naxçıvanın istehsal və sənaye müəssisələri ilə tanış olub

Gürcüstanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal və sənaye müəssisələri ilə tanış olub.

Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Səfər çərçivəsində qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Biznes Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

“Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı bildirilib ki, vafli istehsalı ilə fəaliyyətə başlayan müəssisədə bu gün peçenye istehsalı sahəsi də fəaliyyət göstərir. Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, daxili imkanlar hesabına ödənilir. Bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir. Müəssisənin gündəlik istehsal gücü 14 tondur. Burada Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir.

Diplomat “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat alıb.

“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq da qonağın marağına səbəb olub. Diqqətə çatdırılıb ki, müəssisənin istilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartlara uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyir, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılır. Plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsində bildirilib ki, burada tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur.

Naxçıvan Sement Zavodunda olan səfirə məlumat verilib ki, müəssisənin gündəlik istehsal gücü 800 ton klinkerə və 1300 ton sementə çatır. Zavodda “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin olunur, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac qalmır və yanacağa qənaət edilir. Müasir texnologiyalara malik olan Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb.

Bununla da Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
(Reytinq:0)