Tarix : 9-08-2019, 10:18 | Bölmə: xeberler / Cemiyyet |
 Millət vəkili: Ya təhsil haqqları minimuma endirilməli, ya da ödənişli yerlərin sayı azaldılmalı, ödənişsiz ixtisasların faizi artırılmalıdır

Millət vəkili tələbə adını qazananları təbrik etdi və ödənişli təhsil məsələsinə toxundu: “VALİDEYNLƏRİN BU MƏSƏLƏ İLƏ BAĞLI NARAHATLIĞINA SON QOYULMALIDIR”

Şəxsən mən də bir valideyn, bir ziyalı, bir millət vəkili olaraq, bu il ali məktəblərə qəbul olunanları, onların bu anını səbrsizliklə gözləyən həyəcanlı, narahat valideynlərini təbrik edir, gözaydınlığı verirəm. Tələbə və tələbə valideyni olmaq çox gözəl bir hissdir. Bunu bizlər də, valideynlərimiz də zamanında yaşamışıq, yaşayıblar. Ona görə tələbə və tələbə valideyni olmaq istəyənlərin arzularını, hislərini anlamaq, hiss etmək çətin deyil. Bir daha tələbə adını qazanan gənclərimizə, onların əzizlərinə bu gözəl an, gözəl hiss münasibəti ilə gözaydınlığı verir, onları təbrik edirəm.

Xeberpress.info-nun məlumatına görə, bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov bildirib.

O, qeyd edib ki, tələbə adını qazanmaq, tələbə olmaq nə qədər şərəfli, qürurlu bir məsələ olsa da, onun məsuliyyəti də, ağırlığı da bir o qədər böyükdür:

“Tələbə olmaq, bu adı qazanmaq işin birinci hissəsi, bir tərəfidir. Bu adı doğrultmaq, vətəninə, dövlətinə, millətinə, sənə ümid bəsləyənlərə layiqli övlad, layiqli, əsl peşəkar, savadlı, bilikli, geniş dünyagörüşlü mütəxəssis və gələcəyin əsl kadrı kimi formalaşmaq, yetişmək, püxtələşmək işin ikinci və əsas tərəfidir. Bu, çox böyük məsuliyyət, ikiqat zəhmət, əmək tələb edir.

Bu baxımdan, inanıram və əminəm ki, gələcəyimiz olan gənclərimiz, tələbə adının gözəlliyini yaşayanlarımız bu gözləntini doğruldacaq, həm özlərinin, həm onlardan ötrü ömrünü şam kimi əridən valideynlərinin, həm də vətənlərinin, mənsub olduğu xalqın, millətin başını öz peşəkarlıqları, bilik və savadları ilə hər yerdə uca edəcəklər. Bu potensial indiki gənclərimizdə, tələbələrimizdə və yenicə tələbə adını qazananlarımızda mütləq və mütləq var. Yetər ki, bu potensialdan vaxtında və düzgün istifadə edilsin”.

Millət vəkili eyni zamanda, son günlərin ən aktual məsələlərindən birinə çevrilmiş ödənişli, pullu təhsil, təhsil kreditləri məsələsinətoxunub və bu yöndəki müzakirələrdə səsləndirilən fikirlərin, arqumentlərin, rəy və təkliflərin böyük əksəriyyətinin qəbuledilən olduğunu vurğulayıb.

O, qeyd edib və xatırladıb ki, ümumiyyətlə, bu məsələ artıq neçə illərdir ki, müzakirə mövzusudur:

“Mən özüm də bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm, yenə də bildirmək istəyirəm ki, övladları pullu, ödənişli ixtisaslarda oxuyan valideynlərin narahatlığını, həyəcanını anlayırıq, yaxşı başa düşürük, haqlı sayırıq. Çünki bu gün elə ailələr var ki, orada iki və ya 3 nəfər ödənişli təhsildə oxuyur və onları oxutmaq, təhsillərini davam etdirməsinə nail olmaq, bir çox hallarda çətinlik yaradır. Nə qədər təəssüfedici, narahatedici məqam olsa da, qeyd etməliyik ki, son illər xeyli sayda tələbələrimiz, gənclərimiz maddi durumlarına, ödənişlərini ödəyə bilmədiklərinə görə, ya təhsillərini yarımçıq dayandırmaq məcburiyyətində qalıblar, ya da elə ilk başdan bu addan, tələbə olmaqdan imtina ediblər. Bu, çox üzücü bir mənzərədir.

Çünki onların işərisində xeyli sayd savadlı, bilikli, dünyagörüşlü, yüksək bal toplamış gənclərimiz az deyil. Odur ki, bu məsələ bizləri də narahat edir, bizlər də bu məsələnin bu və ya digər formada tezliklə həllini tapmasını istəyirik. Hesab edirik ki, ya ali məktəblər özləri, ya Tarif Şurası ödəniş haqqlarını yarıya, minimuma endirməli, ya ödənişli yerlərin sayı azaldılmalı, ödənişsiz ixtisasların faizi, göstəricisi ən azı 60-80 faizə qaldırımalı, ya da çox sərfəli, heç bir ağırlıq, yük yaratmayan şərtlərlə, güzəştlərlə tələbə, təhsil kreditləri verilməlidir.

Bildiyiniz kimi, millət vəkili həmkarlarımızdan Vahid Əhmədovla Əli Məsimli bu yöndə qanun layihəsi hazırlayıb, həm də parlamentin Elm və təhsil komitəsinin sədri, hörmətli akademikimz İsa Həbibbəyli bu məsələ ilə bağlı qanun layihəsinin hazırlığı axtarışlarında olduqlarını bildirib. Bu baxımdan düşünürəm və hesab edirəm ki, çox yaxın gələcəkdə təhsil kreditləri ilə bağlı yetkin və mükəmməl qanun layihəsi hazırlanaraq, müvafiq komitə və plenar iclasların müzakirələrinə təqdim edilməli və hərtərəfli müzakirələrdən sonra qəbul olunmalıdır.

Bu məsələdə xüsusilə, özəl banklarımız, iş adamlarımız yardımçı, dəstəkçi olmalıdırlar, onlar ilk növbədə bu məsələdə təşəbbüskarlığı ələ almalıdırlar. Çünki layiqli, peşəkar mütəxəssislər ilk növbədə elə onların özünə lazımdır. Ona görə bu məsələnin baş tutmasında hərtərəfli yardımçı olmalıdırlar. Hər şeyi elə təkcə dövlətdən gözləmək olmaz ki?! İş adamlarımız, özəl banlarımız da bu prosesə öz töhfələrini verməlidirlər”.
(Reytinq:0)