Tarix : 8-08-2019, 16:33 | Bölmə: xeberler / Cemiyyet |
Səhiyyə Nazirliyinin nümayəndəsi Cenevrədə “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşündə iştirak edib

Səhiyyə Nazirliyinin nümayəndəsi Cenevrədə “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşündə iştirak edib

İyulun 28-31-də və avqustun 4-7-də BMT-nin Cenevrədəki ofisində “Bioloji silah konvensiyası” üzrə mütəxəssislərin görüşü keçirilib. Avqustun 6-7-də keçirilən sessiyalarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da iştirak edib.

Xeberpress.info bildirir ki, bu barədə İSİM-in səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

Britaniya Tibb Jurnalının (BMJ) nümayəndələrinin iştirakı ilə keçən sessiyalarda “Konvensiya ilə əlaqəli elm və texnologiya sahəsində inkişafın icmalı”, “Konvensiyanın milli müstəvidə icrasının gücləndirilməsi”, “Konvensiyanın institusional gücləndirilməsi”, “Konvensiyanın X maddəsi çərçivəsində əməkdaşlıq və yardımın gücləndirilməsi” və s. mövzularda müzakirələr aparılıb və iştirakçıların rəyləri dinlənilib.

Qeyd edək ki, “Bioloji silahlar haqqında” Konvensiya və ya “Bioloji və toksin silahlar haqqında” Konvensiya kimi tanınan “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya 1972-ci ildə imzalanıb və 1975-ci ildə qüvvəyə minib. Hər növ kütləvi qırğın silahlarının qadağan və məhv edilməsindən ibarət olan ümumi və tam tərksilah yolunda səmərəli irəliləyişə nail olmaq məqsədi daşıyan Konvensiya öz növbəsində ilk beynəlxalq tərksilah müqaviləsi olub.

Azərbaycan Respublikası 2003-cü ildən Konvensiyanın üzvüdür.
(Reytinq:0)