Tarix : 10-07-2019, 14:31 | Bölmə: xeberler / siyaset |
Mübariz Qurbanlı: Ermənilərdə, nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı nifrət var

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir.

Komitə sədrinin sözlərinə görə, azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir: "İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir. 30 il əvvəl Azərbaycanda nə multikultural, nə də tolerant sözü işlədilirdi. Amma o zaman da Azərbaycanda multikultural dəyərlər, tolerant mühit var idi".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar aparır: "Azərbaycan bu gün İslama sahib çıxır, bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi: "Amma ümummilli lider Heydər Əliyevin təqdim etdiyi azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə ehtiva edir. Bu ideya mütləq şəkildə gələcək nəsillərə ötürülməlidir. Orta və ali məktəblərdə bu məsələyə kifayət qədər elmi yanaşmanın olmasının tərəfdarıyam".

***

Ermənilərin Quba-Xaçmaz bölgəsində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar onların yəhudilərə qarşı münasibətinin necə olduğunu göstərir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin “The Jerusalem Post” qəzetində ermənilərin antisemitist mövqeyinə dair dərc edilən məqaləyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan monoetnik dövlətdir: "Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Sovetlər dönəmində Ermənistan ərazisində yəhudi olmayıb. Bu gün də orada yəhudi yoxdur və olsa belə, çox az halda rast gəlinir. Ümumiyyətlə, bu, bir erməni xislətidir. Onlarda nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı nifrət var”.

Xatırladaq ki, jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. C.Boqner nümunə qismində Qüdsdə erməni kilsəsinin 60 seminaristinin Şavuot bayramı ərəfəsində antisemit aksiya keçirdiyini göstərib:

“Bu aksiya xristianların hələ də yəhudilərə hücum etməyə meyilli olduğunu göstərdi və Ermənistanda antisemitizmin artmasının bariz təzahürünə çevrildi”.

Müəllif Ermənistan cəmiyyətində sistemli antisemitizmə dair çoxsaylı sübutların olduğunu qeyd edib.
(Reytinq:0)