Tarix : 18-04-2019, 12:38 | Bölmə: xeberler / Bolge |
Aİ nümayəndəliyinin rəhbəri, əməkdaşlıq bölməsinin rəhbəri, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi NDU ərazisində ağacəkmə mərasimində - FOTO

Naxçıvan Dövlət Universitetində nümayəndə heyəti ilə görüş olub

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram rəhbəri Ramilə Aslanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) də olublar. Qonaqlar universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.

Xeberpress.İNFO xəbər verir ki, NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Rektor dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlığından söhbət açıb.

Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Birliyi haqqında məlumat verib. Bildirilib ki, 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olan, 1951-ci ildə yaradılan ittifaq özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə həll edilir. Birliyin ölkəmizlə bir çox sahələrdə əməkdaşlığını diqqətə çəkən səfir təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb. Çıxışda Erasmus+ proqramı haqqında da məlumat verilib. Tələbələrlə qarşılıqlı diskussiya şəklində qurulan görüş yaddaqalan olub. Qonaq suallarını cavablandıran tələbələri hədiyyələrlə mükafatlandırıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində tələbələr üçün “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda mühazirə deyib. Qonaq bildirib ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. O, tələbələrə İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən ətraflı danışıb. BMT İnkişaf Proqramının qarşıdakı dövrdə də ölkəmizlə əməkdaşlıq perspektivlərindən bəhs edib.

Universitetin Magistratura üzrə dekanlığında təşkil edilən mühazirədə isə AMFA-nın layihə koordinatoru Sevinc Rüstəmova “Maliyyə savadlılığına dair master-klass” keçib. Tələbələr maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar məlumat alıblar. Qarşılıqlı müzakirə şəklində qurulan mühazirədə tələbələrin sualları cavablandırılıb.

Aİ nümayəndəliyinin rəhbəri, əməkdaşlıq bölməsinin rəhbəri, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi NDU ərazisində ağacəkmə mərasimində - FOTO
Aİ nümayəndəliyinin rəhbəri, əməkdaşlıq bölməsinin rəhbəri, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi NDU ərazisində ağacəkmə mərasimində - FOTO
(Reytinq:0)