Tarix : 4-01-2019, 11:22 | Bölmə: xeberler / idman |
Naxçıvan karateçiləri ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanıblar

Naxçıvan karateçiləri ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanıblar

Son iki ildə Naxçıvan karateçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdə ötən illərlə müqayisədə daha uğurlu nəticələr əldə edib, 2018-ci ildə ölkə və beynəlxalq səviyyəli yarışlarda 40 medal qazanıblar.

Xeberpress.info AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında təşkil edilən yığıncaqda qeyd olunub. Yığıncaq 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə həsr edilib.

Əvvəlcə muxtar respublikanın Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.

Sonra Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyevin 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə hesabat çıxışı dinlənilib.

Muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvanda idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı gündən-günə artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına, o cümlədən Karate-do Federasiyasına bir sıra tapşırıqlar verilib.

Azad Cabbarov vurğulayıb ki, 2002-ci ildə yaradılan Karate-do Federasiyası idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi istiqamətində işləri günün tələbləri səviyyəsində qurmayıb, muxtar respublikada yaradılan şəraitdən və infrastrukturun imkanlarından düzgün istifadə etməyi bacarmayıb, muxtar respublika səviyyəli yarışlarda keyfiyyət və təşkilatçılıq qənaətbəxş olmayıb.

Qeyd olunub ki, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının strukturunun yenidən formalaşdırılması bu idman növünün muxtar respublika rəhbərinin daim diqqətində olduğunu göstərdi. Yeni yaradılan strukturun uğurlu fəaliyyəti nəticəsində federasiya öz işini daha da təkmilləşdirib və gələcək uğurlar üçün stimul yaradıb. Muxtar respublikanın rayon və şəhərlərində ötən il 21 qrupda 600-dən çox idmançı 14 məşqçi-müəllim tərəfindən bu idman növünün sirlərini öyrəniblər. Avqust ayında “Araz” İdman Klubunun rəhbəri Siyavuş Bayramov müəyyən müddətə muxtar respublikaya dəvət olunub, federasiyanın yeniyetmə və gənc idmançılarına seminarlar keçib.

Nazir çıxışının sonunda bildirib ki, həyata keçirilmiş tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman və gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Qədim diyarda idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir idman infrastrukturunun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və idmanın hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Fazil Ələkbərov deyib: Muxtar respublikada müxtəlif idman növləri üzrə fəaliyyət göstərən idman federasiyalarına hərtərəfli dövlət qayğısı göstərilərək, işlərini yüksək səviyyədə qurmaları üçün lazımi şərait yaradılıb. Karate-do Federasiyası bu qayğıdan bəhrələnərək 2018-ci ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Federasiyanın tərkibində hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 21 karate bölməsi fəaliyyət göstərir. Həmin klublardan 2016-cı ilin əvvəlində yaradılmış “Nəqşicahan” karate-do qızlar idman klubunun fəaliyyəti 2018-ci ildə daha da genişləndirilərək Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında əlavə qız bölmələri açılıb. 2018-ci ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olan 600 nəfərədək uşaq, yeniyetmə və gənclərdən 100-ü qız idmançıdır.

Qeyd olunub ki, Karate-do Federasiyası ötən il karate-do idman növünün inkişaf etdirilməsi və kütləviliyə nail olunması istiqamətində bir sıra işlər görüb. Belə ki, 2018-ci ildə federasiya tərəfindən muxtar respublikada müxtəlif birinciliklər təşkil olunub və bu yarışlarda yaxşı nəticə göstərən istedadlı idmançılar seçilərək yığma komandanın tərkibinə daxil edilib. Bununla yanaşı, idmançıların ölkə səviyyəli və beynəlxalq turnirlərdə iştirakları təmin edilib.

Diqqətə çatdırılıb ki, ümumilikdə, ötən il karate-do idman növü üzrə idmançılar 13 beynəlxalq, 7 ölkə və 10 muxtar respublika birinciliyində güclərini sınayıblar. 2018-ci ildə federasiyanın idmançıları 87 medal qazanıblar ki, onlardan 35-i beynəlxalq, 5-i ölkə daxili yarışlarda, 47-si isə muxtar respublikada keçirilən açıq çempionatda əldə olunub. Bundan əlavə, avqust ayında Azərbaycan Karate-do Federasiyasının tanınmış məşqçi və müəllimləri muxtar respublikaya dəvət olunaraq Naxçıvan Muxtar Respublikasının məşqçi-müəllim və idmançıları üçün seminar-treninqlər keçiblər. Federasiyanın 1 idmançısı ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə etdiyinə görə Ali Məclisin Sədri tərəfindən qiymətli mükafatla təltif edilib.

Fazil Ələkbərov yaradılan şəraitə görə federasiyanın məşqçi və idmançıları adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Karate-do Federasiyası idmanın inkişafının sağlam gəncliyin formalaşmasında vacib rolunu əsas tutaraq, bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcək.

Federasiyanın sədri rayonlarda bölmələrdə görülən işlər barədə məşqçi-müəllimlərin fikirlərini dinləyib, onların fəaliyyətlərinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib.

Yığıncaqda federasiyanın 2019-cu il üçün hazırlanan qərar layihəsi oxunub və təsdiq edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıblar.
(Reytinq:0)